GDU-NUN ƏMƏKDAŞLARI Şəmkirdə YUXARI SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİBLƏR
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Şəmkir rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Şəmkir Rayon Təhsil Sektorunun əməkdaşı Rauf Verdiyev çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.
Görüşdə Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupunun üzvləri – dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə və dosent E.Atakişiyev universitetin fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər.
Şəmkir rayon orta məktəb ümumtəhsil məktəblərinin müəllimləri çıxış edərək görüşün təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə universitetin beynəlxalq elmi əlaqələri, eləcə də Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs olunub.
Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyaları, auditoriyaları və Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.
Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








