GDU-nun əməkdaşları “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I Beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış ediblər
11-12 aprel 2025-ci il tarixlərdə Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları- professor Sevda Əhmədova, Natiqə İsmayılzadə və Vüsal Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş I Beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
“Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda keçirilən konfransda sahibkarlıq təhsilinin ölkələrin iqtisadi inkişafına müsbət təsirləri, bu sahənin güclü bir resurs kimi istifadə olunma imkanları müzakirə olunub.
Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru, professor Eduard Omarovun moderatorluğu ilə keçirilən konfransda çıxış edənlər sahibkarlıq peşəsi, sahibkarlıq ekosistemi, sahibkarlıq təhsilinin iqtisadi inkişafa təsiri, sahibkarların rəqabətqabiliyyətli inkişafı barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.
Elmi konfransda Gəncə Dövlət Universitetinin əməkdaşları da fəal iştirak edərək məruzə ilə çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti