GDU-nun əməkdaşları gender mövzusunda beynəlxalq konfransda iştirak edib

“Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Bakı şəhərində beynəlxalq konfrans keçirilib.   

  Konfrans Avropa İttifaqı, BMT-nin Qadınlar üzrə Agentliyi, BMT-nin Əhali Fondu, eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında icra edilən layihə çərçivəsində təşkil edilib.

     “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə Gəncə Dövlət Universiteti Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva, Ümumi pedaqogika kafedrasının müdiri Şahin Tağıyev və kafedra əməkdaşları iştirak ediblər.

  Konfransda çıxış edənlər qeyd edib ki, əsas məqsəd genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəb müəllimlərinin, müvafiq sahədə ekspertlərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaqdır. Eyni zamanda, genderyönümlü pedaqogika üzrə məzmunun pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəblərin ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək də konfransın hədəfindədir.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti