GDU-nun zəngin Elmi kitabxanası tələbələrin mədəni və mənəvi mərkəzinə çevrilib

Gəncə Dövlət Universitetinin Elmi Kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridir.

  1938-ildən fəaliyyət göstərən kitabxana  fondu hazırda 348446 nüsxədir. Gəncə Dövlət  Universitetinin  Əsaslı  Kitabxanasının fəaliyyəti  bütün şöbələrdə  mütəşəkkil  şəkildə  təşkil  edilib.  Hal-hazırda kitabxana müasir  kitabxanaların  tələblərinə  cavab verir.

   Bu gün kitabxana yalnız kitablar  və  dövri  mətbuat  materialları  ilə deyil,  tam mətnli  elektron resuslarla da zəngindir. Fondların tərkibi oxucu sorğularına uyğun yeni ədəbiyyatlarla zənginləşdirilir.

   Son illər ərzində universitet rəhbərliyinin diqqət və qayğısı nəticəsində kitabxana fondu xeyli zənginləşdirilib, müasir texnologiya avadanlıqları ilə təmin olunub. Gəncə Dövlət Universitetinin Elmi kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzinə çevrilib.

   Hazırda Gəncə Dövlət Univesietitinin  Elmi kitabxanası Əsaslı kitabxana, 3 şöbə, 1 filial və 3 qiraət zalından ibarətdir.

  Universitetin kitabxanasında müasir texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Burada lokal kompüter şəbəkəsi yaradılıb. Əsaslı Kitabxana yüksək internetlə təmin olunmuş kompüterlə təmin edilib.

   Gəncə  Dövlət  Universiteti  Kitabxanasının  fonduna  ötən il ərzində 432 adda 1171 nüsxə müxtəlif profilli ədəbiyyat daxil olub. Onlardan 380 adda 1014 nüsxəsi  Azərbaycan dilində, 42 adda 68 nüsxəsi rus dilində və 3 adda 6 nüsxə ingilis dilində olan ədəbiyyatlardır.

   Gəncə Dövlət Universitetində əsaslı kitabxananın filialı kimi fəaliyyət göstərən Nuru Paşa adına Kitabxana ən zəngin kitabxanalardan biri sayılır. Müasir standartlara uyğun təmir edilən, bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Nuru Paşa adına Kitabxanada Filologiya və Xarici dillər fakültələrinin profilinə uyğun bütün ədəbiyyatlarla komplektləşdirib. Bununla yanaşı, dərs vəsaitlərinin elektron versiyaları da təmin edilib. Müasir avadanlıqla təchiz olunan kitabxanada 40000 kitab mövcuddur. Kitabxananın geniş oxucu kütləsinə malik böyük oxu zalı, internetlə təmin olunan kompüterləri və proyektoru vardır.

  Gəncə Dövlət Universitetinin Əsaslı kitabxanasında “Qızıl Fond” da yaradılıb. Fonda XVIII–XX əsrləri əhatə edən rus, ərəb, fars, alman, əski əlifba ilə nəşr olunmuş kitablar və əlyazmalar saxlanılır. Kitabların ən qədimi XVIII əsrə aid “Qurani-Kərim”dır. Həmçinin qədim adət ənənələrimizi gələcək nəsillərə çatdırmaq üçün “Qızıl fond” xüsusi dizayn edilib. Qədim abu-havaya malik olan bu otaq mini muzeyi xatırladır.

   Burada tələbələrlə söhbət aparan zamanı məlum oldu ki, kitabxanalarda yaradılan şərait onların ürəyincədir, imtahanlar ərəfəsində isə tələbələrin kitabxanalara müraciət etməsi daha yaxşı nəticə əldə etməsinə səbəb olur. Yaxın gələcəkdə isə univesitetin Elmi kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti