GDU-nun əməkdaşları “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlərdə iştirak ediblər

Gəncə Dövlət Universitetinin əməkdaşları -Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva, İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə Bakıda təşkil edilən təlimlərdə iştirak ediblər.

   Təlimlər Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Clarivate Analytics”in mütəxəssisləri tərəfindən keçirilib. Təlimin  məqsədi ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələrinin “Web of Science” elmmetrik bazasından istifadə ilə bağlı bacarıqların artırılması olub. 

    Təlimin açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iştirak ediblər.  

     2 gün davam edən təlimdə “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzuları müzakirələr edilib və iştirakçıların sualları cavablandırılıb.


Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti