GDU-nun 4 tələbəsi “Hənifə Məlikova- Zərdabi adına təqaüd proqramı 2025”in qalibi olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində millət vəkili, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə də iştirak edib.

Təqdimatda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 Tədbir “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxışlar dinlənilib. Mərasimdə təqaüd proqramına seçilən tələbələrə sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub.

Qeyd edək ki, GDU-nun 4 tələbəsi layihənin qalibləri sırasındadır. Təqaüd proqramının məqsədi həssas təbəqədən olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənc qızların təhsilinə dəstək vermək, onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilən tələbələrə aylıq təqaüdlər veriləcək.