GDU-nun fakültələrində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər, Filologiya, Xarici dillər, Pedaqoji, Tarix-coğrafiya, İqtisadiyyat-idarəetmə fakültələrində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

     Universitetin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bayramın qədim ənənələrindən danışıb, bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açıb.  Vurğulayıb ki, Novruz bayramı xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir. Milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında  Novruz bayramının özünəməxsus yeri vardır.

    Tədbirlərdə fakültə dekanları, professor-müəllim heyəti və tələbələr çıxış ediblər. Bildirilib ki, bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır.

      Tədbirin bədii hissəsində  tələbələr yazın, baharın gəlişinə aid şeirlər və mahnılar səsləndiriblər. Xalq oyunları, milli rəqslər və musiqilər bayram tədbirini daha da maraqlı edib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti