GDU-nun Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ,,Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev və Ümumi tarix kafedrasının müəlimi Afərin Tağıyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən, həmçinin elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən ətraflı danışıblar. Bildirilib ki, Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olmuş, bütün sahələrdə sürətli inkişafın təməli qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulmuş, ictimai-siyasi sabitlik bərqərar olmuş və Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmışdır.
Tədbirdə universitetin kitabxanasının müdiri Ayşən Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində kitabxana işinin inkişaf etdirilməsi məsələsinin xüsusi yer tutmasından ətraflı danışıb. Qeyd edib ki, XX əsrin 90-cı illərində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul olunması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub, tələbələr tərəfindən şeirlər səsləndirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti