GDU-nun nəzdində Regional Kollecdə “Şuşa sən azadsan” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə 8 Noyabr-Zəfər Günü münasibətilə “Şuşa sən azadsan” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Regional Kollecin direktoru İlqar Kubışov tədbiri giriş sözü ilə açaraq İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərdən danışıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuz 44 gün davam edən müharibədə tariximizin möhtəşəm salnaməsini yaratdı, Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındı.
Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi gücündən, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından qürurla bəhs edib.
Regional kollecin məzunu şəhid Amal Əhmədovun anası Mehriban Əhmədova və Vətən müharibəsi qazisi Kamal Əmirov çıxış ediblər. 44 günlük Vətən müharibəsi dövründə yaşanan hadisələrdən, şəhidlərin qəhrəmanlığından, qazilərin igidliyindən və Qələbədən söhbət açıblar.
Zəfər gününə həsr edilən tədbir tələbələrin hazırladığı ədəbi-bədii proqramla davam edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti