GDU-nun professor –müəllim heyəti Daşkəsən rayonunda görüş keçirib

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Daşkəsən rayonunda görüş keçirib.

     Görüşdə rayon üzrə 26–a  yaxın orta ümumtəhsil məktəbinin kollektivi və şagirdlər iştirak ediblər.

Daşkəsən rayon təhsil sektorunun müdiri Elmir Cəfərov çıxış edərək qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayon üzrə  orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və şagirdləri ali məktəbin  fəaliyyəti barədə daha ətraflı  məlumat verməkdir.  

   Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin işçi qrupunun üzvləri-dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent E.Atakişiyev, baş müəllim  İ.Haqverdiyev, müəllim M.Babayev ali məktəbin tədris binaları, fakültələri, kitabxanaları və tələbə yataqxanası haqqında ətraflı danışıblar.  Bununla yanaşı  təlimin texniki vasitələrinin (slayd formasında) köməyi ilə universitetin fəaliyyəti geniş şəkildə nümayiş etdirilib.

     Daşkəsən rayon təhsil sektorunun əməkdaşları Rizvan Ələsgərov, Naməddin Mirzəyev çıxışında bildirib ki, şagirdlər arasında belə görüşlərin keçirilməsi onları  ali təhsil almağa daha da həvəsləndirir.

    Tədbirin sonunda universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar şagirdlərə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti