GDU-nun rəhbərliyi və kollektivi Gəncədəki Şəhidlər xiyabanını ziyarət edib

      Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 34 il ötür. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 34 il əvvəl canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin və milli əzmkarlığımızın rəmzinə çevrilib.  

      Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

    20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyi və kollektivi ictimaiyyət nümayəndələri ilə birgə Gəncədəki Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti