GDU-nun Tələbə Yataqxanasında təntənəli bayram tədbiri keçirilib

Gəncə Dövlət Universitetinin Tələbə Yataqxanasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təntənəli bayram şənliyi keçirilib, ziyafət təşkil olunub.

      Bayram tədbirində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, prorektorlar, ali məktəbin əməkdaşları, tələbələr və 44 günlük Vətən müharibəsi qaziləri iştirak ediblər.

      Bayram şənliyinin Yataqxana Kompeksinin tələbə kafesində keçirilməsi isə tələbələrin böyük sevincinə səbəb olub.

     Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbir iştirakçılarını qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib, tələbələrə qış imtahan sessiyasında uğurlar arzulayıb.

    Rektor Yusif Yusibov qeyd edib ki,  Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra ölkəmizdə Milli Həmrəylik Günü daha yüksək əhvali-ruhiyyə və sevinc hissi ilə qeyd olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlar və milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində Azərbaycan başa vurmaqda olduğumuz 2022-ci ildə daha da inkişaf edib.  Ölkəmizin siyasi gücünün və iqtisadi potensialının gündən-günə artaraq qüdrətli dövlətə çevrilməsi isə hər birimizi sevindirir. 

    Bayram tədbirində rektor Yusif Yusibov ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.  Xüsusi vurğulayıb ki, Gəncə Dövlət Universitetinin Tələbə Yataqxana Kompleksinin yenidən, müasir standartlara cavab verən şəkildə təmir olunaraq istifadəyə verilməsi  təhsilə və gənclərə diqqətin təzahürüdür.

    Şənlikdə tələbələrlə birlikdə bayram tortunun kəsilməsi, Şaxta baba və Qar qızın şənliyə gəlməsi isə tədbiri daha da əyləncəli edib. Tələbələrin Vətən müharibəsi qaziləri ilə rəqs etməsi maraqla qarşılanıb.

Tədbir müxtəlif rəqslər və musiqi nömrələri ilə davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti