GDU-nun rektoru Yusif Yusibov Vətən müharibəsi qaziləri və mühafizə polislərini təbrik edib

31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov II Qarabağ müharibəsi qaziləri, o cümlədən universitetin Daxili Nəzarət Xidmətinin rəisi Xəqani Umudov və universitetin mühafizə polisləri ilə görüş keçirib. Rektor görüş iştirakçılarını bayram münasibətilə təbrik edərək, onlara şəxsi həyatlarında uğurlar arzulayıb.

   Rektor Yusif Yusibov qeyd edib ki, ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi sevinci hər bir azərbaycanlı böyük qürur hissi ilə yaşayır. Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin cəsarəti və rəşadəti hesabına bu gün Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarda dalğalanır.

   Görüş iştirakçıları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti