GDU-nun Tələbə Yataqxanasında Torpaq çərşənbəsi yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Xalqımızın ən qədim və  əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Bu bayramı qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən biri də onun çərşənbələrdir. Sonuncu çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

    Torpaq çərşənbəsi Gəncə Dövlət Universitetinin Tələbə Yataqxanasında yüksək əhval-ruhiyyə ilə qeyd edilib. Universitet rəhbərliyinin təşəbbüsü ilə Tələbə Yataqxanasının həyətində bayram tonqalı qalanıb. Tonqal ətrafında xalqımızın birliyinin rəmzi olan yallı rəqsi oynanılıb, mahnılar və şeirlər səsləndirilib.

Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov və Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva universitet rəhbərliyi adından tələbələri təbrik edərək xoş arzular söyləyiblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti