GDU “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində karyera sərgisində

Mingəçevir şəhərində Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB), “HBN Group Academy” və Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.

   Təbdirdə çıxış edənlər “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”in ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addım olaraq dəyərləndiriblər. Vurğulanıb ki, tədbir “Regiondan Qlobala” konsepti əsasında reallaşaraq, regionların elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir.

O da diqqətə çatdırılıb ki, Sammitin məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir.

Sammit çərçivəsində Gəncə Dövlət Universiteti Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil olunan karyera sərgisində iştirak edib. Universiteti Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev və Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə təmsil ediblər.

 Karyera sərgisində Gəncə Dövlət Universitetinin fəaliyyəti ilə bağlı bukletlər, kitabçalar və qələmlər təqdim olunub.

Sonda tədbir iştirakçıları regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti