GDU tələbələri könüllülük fəaliyyəti haqqında maarifləndirilib

Gəncə Dövlət Universitetində gənclərin fərdi inkişafına və ictimai fəallığının artırılmasına dəstək üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə maarifləndirici tədbir keçirilib.   Tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qonaqları salamlayıb və bu tədbirin əsas məqsədinin tələbələri “ASAN xidmət” mərkəzlərindəki könüllülük fəaliyyəti ilə yaxından tanış etmək  olduğunu bildirib. Asif Cavadov qeyd edib ki, Ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan verməkdir.

Universitetin Təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev vurğulayıb ki,  “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “ASAN xidmət”  mərkəzlərində fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artırır.

 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun Baş mütəxəssisi  Elnur Şabanzadə tələbələrə “ASAN Könüllüləri” proqramı, onun məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Tədbirdə iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

 Sonda “ASAN Könüllüsü” olmaq istəyən tələbələrə könüllülük portalından qeydiyyatdan keçmə prosesinə dəstək göstərilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti