GDU tələbələri dahi Azərbaycan şairi Nizami Gəncəvinin muzeyini və məqbərəsini ziyarət ediblər
Filologiya və xarici dillər fakültəsinin tələbələri Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər.
Əsas məqsəd tələbələrin milli ədəbi irsimizə marağını artırmaq, dahi şairin zəngin yaradıcılığını daha dərindən öyrənmələrinə şərait yaratmaq, eləcə də onlarda milli-mənəvi dəyərlərə hörmət hissini gücləndirmək olub.
Ziyarət zamanı Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov tələbələrlə Nizami Gəncəvinin həyat və yaradıcılığı, dünya ədəbiyyatında tutduğu mövqe və bəşəri ideyaları haqqında dəyərli fikirlərini bölüşüb. O, şairin məşhur “Xəmsə” əsərləri toplusu barədə ətraflı məlumat verərək Nizaminin əsərlərində əks olunan humanizm, ədalət, mənəvi kamillik, elm və insanlıq kimi ali dəyərlərin əhəmiyyətini vurğulayıb.
Tələbələr dahi şairin irsini daha yaxından tanımaq, onun Azərbaycan və dünya ədəbiyyatına bəxş etdiyi zəngin mənəvi xəzinə ilə tanış olmaq imkanı əldə ediblər.
Ziyarətdə Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov iştirak ediblər.




XXX
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Nizami Gəncəvi Muzeyinin birgə təşkilatçılığı ilə dahi şair Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş elmi-bədii tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Xidmətin Gəncə Regional İdarəsinin rəisi Xəlil İbrahimov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev, Azərbaycanlı tarixçi alim, AMEA Gəncə Bölməsinin əməkdaşı, gənc tədqiqatçısı Elnur Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov, İqtisadiyyat kafedrasının müdiri Zakir Əhmədov, İdarəetmə kafedrasının müdiri Afəddin Həmidov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov və fakültənin müəllim-tələbə heyəti iştirak ediblər.
Çıxış edənlər dahi şair Nizami Gəncəvinin ədəbi irsinin bəşəri əhəmiyyətindən, bu zəngin irsin qorunub gələcək nəsillərə çatdırılmasının vacibliyindən bəhs ediblər.




