GDU tələbələrinin əl işləri “PeşəFest-2026” layihəsində nümayiş olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi “PeşəFest-2026” layihəsi bu dəfə Gəncə şəhərində baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, dövlət və özəl təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında regionlarda əmək bazarının inkişafı və yeni məşğulluq imkanlarının formalaşmasında peşə bacarıqlarının əhəmiyyətini vurğulayıb. O, gənclərin əmək bazarında tələb olunan peşələr barədə məlumatlandırılmasının, praktiki bacarıqlarının artırılmasının və peşə seçiminə dəstək göstərilməsinin vacibliyini qeyd edib. Şəhər rəhbəri “PeşəFest” layihəsinin bu istiqamətdə həyata keçirilən tədbirlərə mühüm töhfə verdiyini bildirib.

Digər çıxışçılar peşə təhsilinin və bacarıqlarının əmək bazarına hazırlıq prosesindəki roluna diqqət çəkiblər. Bildirilib ki, təhsil müəssisələri, dövlət qurumları və işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasına imkan yaradır. “PeşəFest”in gənclərin müxtəlif peşələr üzrə praktiki məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaratdığı vurğulanıb.

Festival çərçivəsində müxtəlif peşə sahələrinin nümayəndələri ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib və iştirakçılara peşə seçimi ilə bağlı tövsiyələrini bölüşüblər.

Festivalda Gəncə Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işləri nümayiş olunub. Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev ali təhsil ocağı haqqında ətraflı məlumat verib.