Görkəmli ədəbiyyatşünas alim Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitablarının təqdimatı
Gəncə Dövlət Universitetində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim Asif Rüstəmlinin Azərbaycan Cümhuriyyətinin 107-ci ilinə həsr olunmuş “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitablarının təqdimatı keçirildi.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə reallaşan təqdimat mərasimini Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə açaraq görkəmli alimin zəngin yaradıcılıq yolundan geniş şəkildə bəhs edib.
Daha sonra GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, filologiya üzrə fəlsəfə doktoru, dosent Naziymə Axundova, filologiya üzrə fəlsəfə doktorları Aynur Novruzova, Həmid Abbasov, Yeganə Hüseynova çıxış edərək Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitablarının dəyərindən, müəllifin yüksək yaradıcı məziyyətlərindən bəhs ediblər. Çıxış edənlər bildirib ki, Asif Rüstəmli respublikamızda və onun hüdudlarından kənarda Cabbarlışünas tədqiqatçı-alim kimi yaxşı tanınır. O, 14 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara ön söz yazmışdır. Elmi məqalələri xarici ölkələrdə türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunmuşdur. Onun ssenariləri əsasında “Günəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminə”, “Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti-100” sənədli filmləri çəkilib nümayiş etdirilmişdir. O da diqqətə çatdırılıb ki, “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabları görkəmli alimin zəngin və məhsuldar yaradıcılığının uğurlu davamıdır. “Cümhuriyyət məfkurəsi” kitabı müəllifin son 10 ildə beynəlxalq elmi sistemlərə daxil olan nüfuzlu jurnallarda, dövri mətbuat orqanlarında, məcmuələrdə dərc edilmiş elmi və elmi-publisistik məqalələr toplusundan ibarətdir. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabdakı arxiv materialları və məxfi sənədlər əsasında yazılmış əsərlərin əksəriyyəti faktoloji yeniliyi, təhlil və dəyərləndirmə fərqliliyi ilə seçilir.
Tədbirdə professor Asif Rüstəmli Filologiya fakültəsinin tələbələrinin mövzu ətrafında ünvanladığı sualları ətraflı cavablandırıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti