“HƏMRƏYLİK VƏ MƏRHƏMƏT BƏŞƏRİYYƏTİN NİCAT YOLUDUR” MÖVZUSUNDA KEÇİRİLƏN İNŞA MÜSABİQƏSİNDƏ GDU-NUN TƏLƏBƏLƏRİ DƏ QALİB OLMUŞLAR

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Gəncə Dövlət Universitetinin (GDU) xüsusi karantin günlərində “Həmrəylik və mərhəmət bəşəriyyətin nicat yoludur” mövzusunda keçirdikləri inşa müsabiqəsi başa çatıb.

Müsabiqənin şərtlərinə görə, hər universitetdən  üç qalib seçilib.

Yazılarda koronavirus pandemiyası dövründə ailələrdə yaranan problemlər və həlli yollarını göstərmək, həmçinin karantin rejimində ailə üzvlərinin gərginlik, qorxu və həyəcan hissindən uzaq olması üçün münasibətlərin tənzimlənməsi formalarının qeyd olunması tələb olunub.

Təqdim olunan inşalar mövzunun əhatəlilik dərəcəsi, müəllifin yazıya yaradıcı münasibəti, bədii üslubun tələblərinə əməl olunması və s. nüanslar nəzərə alınmaqla qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Verdiyeva 1-ci, riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Səbinə Qəhrəmanova 2-ci, tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi İlahə Əsədzadə isə 3-cü yerə layiq görülüb.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ