İmtahanlara start verildi
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə imzaladığı müvafiq əmrə əsasən iyun ayının 1-dən bakalavriat səviyyəsi üzrə əyani şöbənin I-III kurslarında və mağistraturada yay imtahan sessiyasına start verilmişdir.
Rektor imtahana qədər bütün fakültələrin fəal tələbələrinin iştirakı ilə görüş keçirmiş, onların istək və arzularını dinləmişdir. Bu ilki imtahanlar yazılı, şifahi və kompyuterdə test usulu ilə aparılır. Sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə yaradılmış qərargah və apelyasiya komissiyası fəaliyyət göstərir. Rektorun müvafiq əmrinə uyğun olaraq, imtahan qərargahının nəzdində universitet üzrə “Qaynar xətt” fəaliyyət göstərir.
Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər cür şərait yaradılmışdır. 01 iyun 2017-ci il tarixdə universitetdə təhsil alan I kurs tələbələrinin yazılı və şifahi imtahanları başladı. Elə ilk gündən valideynlər və media nümayəndələri üçün açıq qapı günü keçirildi. Valideynlər öz övladlarının necə imtahan verdiklərini izlədilər. Valideynlər və media nümayəndələri imtahanların bu cür şəffaf keçirilməsini təşkil etdikləri üçün universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.