İnnovasiya texnologiyaları sahəsində növbəti naliyyət

29-31 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində “Kosmos” mehmanxana kompleksinin konqres sərgi mərkəzində XXV “Arximed” Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları sərgisi keçirilmişdir. Sərgidə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi, digər üzv dövlətlərlə yanaşı Azərbaycandan olan ixtiraçılar olmaqla 20 ölkədən 225 təşkilatın (119 Rus, 96 xarici)  600-dən çox yenilikçi nümunə və məhsullar nümayiş etdirilmişdir. Sərgidə ölkəmizi Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin “Üçlü spiral” model təcrübəsinə uyğun, yəni dövlət, biznes və universitetin qarşılıqlı əlaqəsi olaraq inkişaf etdirdiyi “Anti-Varroa” layihəsi təmsil etmişdir. Sərgi stendində böyük maraq doğuran “Anti-Varroa” layihəsi İnnovasiyalar Departamentinin təşkilatçılığı ilə keçirilən “Yeni Bir Fikrim Var” təşəbbüskarlıq müsabiqəsinin qalibi olaraq ortaya çıxmış və ilk dəfə 2019-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil edilən “AgroX” startap müsabiqəsinin 1-ci yer qalibi olaraq qrant əldə etmişdir. Layihənin inkişaf etdirilməsi məqsədi ilə 2021-ci ildə ƏMİR Texniki Xidmətlər MMC və Gəncə Dövlət Universiteti arasında bağlanmış Əməkdaşlıq müqaviləsi üzrə aparılmış birgə işlərin nəticəsi olaraq həmin il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə keçirilən müsabiqədə qalib olaraq 17.300 manat məbləğində maliyyə dəstəyi və innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilmişdir. 2022-ci ildə “Anti-Varroa” layihə komandası Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərfindən verilən F2022-0001 saylı Patent-Faydalı model sertifkatı əldə etmişdir. Son olaraq “Anti-Varroa” layihəsi XXV “Arximed” Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları sərgisində iştirak edən layihələr arasında beynəlxalq ekspert və münsiflər heyətinin iştirakı ilə keçirilən müsabiqə proqramında qalib olaraq “Qızıl medal” və fəxri fərmanla təltif edilmişdir. Bu münasibətlə layihə komandasını Gəncə Dövlət Universitetinin rəhbərliyi və kollektivi adından təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.