“İSLAM HƏMRƏYLİYİ İLİ” İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR

27 fevral 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının qurucularından olan, alim, yazıçı-publisist, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, “Əməkdar Jurnalist” Səyyad Aranlı iştirak etmişdir

Tədbiri  giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, professor Sevda Qurbanəliyeva  açaraq bildirdi ki,  İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Həqiqətən Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamış,  Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranlı dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olduğunu və müxtəlif dini konfessiyalar, mədəniyyətlər, sivilizasiyalar və məzhəblər arasında həmrəyliyə nail olmaq, eləcə də Azərbaycanı bu istiqamətdə dünyaya nümunə kimi göstərmək sahəsində belə  tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi. Azərbaycan İslam mədəniyyətinin inkişafında, maddi abidələrə münasibətdə həmişə nümunəvi olmuşdur. Bildirdi ki, dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet  Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötmüşdür. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi İslam mədəniyyətinin qiymətli abidələri olaraq əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, Azərbaycanda tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlardan biridir.

Hal-hazırda ən ümdə vəzifə və məqsədimiz  Azərbaycandakı din və məzhəb ardıcılları arasında tolerant, birgəyaşayış nümunəsini xaricdə, eləcə də İslam dünyasında təbliğ etməkdir.

Səyyad Aranlı tələbələrdən Çinarə Hümbətovanın, Sabir Əbdülrəhimovun  və Fidan Əsədullayevanın mövzu ilə bağlı fikirlərini böyük maraqla dinləmiş və müəllifi olduğu  kitabları universitetə hədiyyə etmişdir.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, rektorun baş müşaviri, dosent Asif Cavadov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etməklə bərabər, tədbirin təşkili üçün  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə, Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibova və eləcə də ictimai-siyasi xadim Səyyad Aranlıya öz dərin minnətdarlıqlarını bildirmişlər.