İstedadlı tələbələrin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə

Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqənin təşkilinə dair Gəncə Dövlət Universitetində məlumatladırıcı tədbir keçirilmişdir.

   Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Gəncə Dövlət Universitetinin  Humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək qeyd etmişdir ki, ölkə prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrin, şəhid və qazi övladlarının təhsil xərclərinin ödənilməsinin gənclər siyasətinin tərkib hissəsi olduğu da diqqətə çatdırılmışdır.

  Tədbirdə Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları- Rahim Rəhimov, Emil Yusifov tərəfindən sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqə haqqında məlumat verilmişdir. Bildirilmişdir ki , müsabiqə qaliblərinin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Qeyd edilən müsabiqəyə 40 dövlət ali təhsil və 46 dövlət orta ixtisas təhsili müəssisəsinin tələbələri müraciət edə bilərlər. Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürüləcəkdir. Şəhid və qazi övladlarının təhsilinin davamlılığına dəstəyin göstərilməsi müsabiqənin əsas prioritetləri sırasında olacağı vurğulanmışdır.

  Tədbirdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov, universitetin tələbələri o cümlədən Gəncə şəhərində fəaliyyət göstərən digər universitetlərin tələbələri də iştirak etmişlər. 

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti