IV Şuşa Qlobal Media Forumu yeni siyasi kommunikasiya modelinin formalaşdığı mühüm platformadır 

PPrezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində və ictimai diplomatiyasında mühüm hadisə kimi yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum təkcə media nümayəndələrinin peşəkar müzakirə platforması deyil, həm də Azərbaycanın regionda yaranmış yeni reallıqları beynəlxalq auditoriyaya çatdırdığı strateji tribunaya çevrildi.

Prezident İlham Əliyevin çıxışı və jurnalistlərin suallarını açıq formatda cavablandırması beynəlxalq medianın diqqət mərkəzində oldu.

Dövlət başçısı vurğuladı ki, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müxtəlif ölkələrdən gələn media nümayəndələrinin Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərini öz gözləri ilə görməsi, regionda yaranmış yeni reallıqlarla yaxından tanış olması və həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmasıdır.

Forumun builki mövzusu müasir informasiya mühitinin ən aktual problemlərini əhatə edirdi. Şuşadan verilən mesajlar təkcə Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması ilə məhdudlaşmır, eyni zamanda, illərdir ölkəmiz haqqında qərəzli yanaşmalar sərgiləyən, faktları təhrif edən və həqiqəti əks etdirməyən məlumatlar yayan xəbər “istehsalçılarına”, bəzi informasiya mərkəzlərinə də tutarlı cavab xarakteri daşıyır.

Xarici jurnalistlərin hadisələri yerində izləməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının real nəticələri, müasir şəhər və kəndlərin inşası, tarixi-mədəni irsin bərpası ilə birbaşa tanış olması dezinformasiya üzərində qurulmuş təbliğatın təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir. Məhz buna görə Şuşa Qlobal Media Forumu informasiya savaşında Azərbaycanın üstünlük qazandığı mühüm platformalardan biri kimi çıxış edir. Burada səsləndirilən faktlar, nümayiş etdirilən real mənzərə və Prezident İlham Əliyevin açıq dialoq formatında bütün suallara ətraflı cavab verməsi göstərir ki, Azərbaycan həqiqətləri gizlətməyə deyil, onları beynəlxalq ictimaiyyətə olduğu kimi təqdim etməyə üstünlük verir. Bu isə birtərəfli yanaşmalar, siyasi sifarişlər və saxta xəbərlər üzərində qurulan informasiya kampaniyalarının etibarlılığını sarsıdır, beynəlxalq ictimai rəydə daha obyektiv baxışın formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək inkişaf prioritetləri də diqqət mərkəzində olub. Dövlət başçısı Qarabağın bərpası, yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, rəqəmsal transformasiya və süni intellekt sahəsində inkişafın ölkənin strateji hədəfləri sırasında olduğunu bildirdi. Bu yanaşma göstərir ki, Azərbaycan postmünaqişə mərhələsində yalnız dağıntıları aradan qaldırmaqla kifayətlənmir, həm də regionu innovasiya, rəqəmsallaşma və iqtisadi əməkdaşlıq məkanına çevirməyi qarşıya məqsəd qoyur.

IV Şuşa Qlobal Media Forumu göstərdi ki, Azərbaycan artıq beynəlxalq informasiya gündəliyinin formalaşmasına təsir göstərən ölkələr sırasındadır.

Prezident çıxışında Azərbaycanın son onillikdə həyata keçirdiyi nəqliyyat siyasətini ölkənin əsas geosiyasi üstünlüklərindən biri kimi təqdim etdi. Dövlətimizin başçısı vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqedən deyil, həm də qonşularla qarşılıqlı etimada əsaslanan əməkdaşlıqdan keçir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Xəzər hövzəsində ən böyük ticarət limanının fəaliyyət göstərməsi, gəmiqayırma sənayesinin inkişafı ölkənin regional logistika mərkəzi statusunu daha da möhkəmləndirir.

Forumda enerji təhlükəsizliyi məsələləri də əsas mövzulardan biri oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Bu ildən Almaniya və Avstriyaya qaz ixracının başlanması Avropa bazarında Azərbaycanın mövqeyinin daha da gücləndiyini göstərir.

Dövlətimizin başçısının çıxışının mühüm hissələrindən biri Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunub. Prezident İlham Əliyev iki ölkənin münasibətlərini təkcə dostluq və qardaşlıq deyil, strateji müttəfiqlik modeli kimi qiymətləndirdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, iki ölkədən birinə qarşı təhlükə yaranacağı halda digər tərəf bütün imkanları ilə onun yanında olacaq.

Forumda ABŞ-Azərbaycan münasibətləri də geniş müzakirə olunub. Prezident İlham Əliyev son dövrdə Vaşinqtonla münasibətlərin tarixdə ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, ABŞ Konqresinin 907-ci düzəlişinin artıq siyasi və hüquqi baxımdan köhnəldiyini bildirərək onun tam ləğv edilməsinin vacibliyini qeyd edib. Prezident Azərbaycanın artıq “orta güc” kimi qiymətləndirilməsi ilə bağlı ekspert rəylərinə münasibət bildirərək bunun əsas meyarlarını sadalayıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti