Kimya və biologiya müəllimliyi ixtisası (tədrisi ingilis dilində) üzrə dərsləri saathesabı qaydada icra edəcək professor-müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqları yoxlanılıb
Gəncə Dövlət Universitetində Kimya və Biologiya ixtisası üzrə (tədrisi ingilis dilində) 2026/2027-ci tədris ilində tədris yükünü saathesabı qaydada icra edəcək professor-müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə yaradılmış Müsabiqə Komissiyasının 03.07.2026-cı il tarixdə iclası keçirilib.
Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev çıxış edərək bildirib ki, ali təhsildə beynəlmiləlləşmə siyasətinin uğurla həyata keçirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğun kadr hazırlığının təmin olunması üçün ingilis dilində tədris aparan müəllimlərin peşəkar bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. Prorektor onu da vurğulayıb ki, müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə yüksək səviyyəli təhsil xidmətinin göstərilməsi, beynəlxalq təcrübəyə uyğun tədris mühitinin formalaşdırılması və tədris prosesinə peşəkar, innovativ yanaşan müəllimlərin cəlb edilməsidir.
Qeyd olunub ki, univesitetin rəsmi saytında əvvəlcədən dərc edilmiş elan əsasında müsabiqədə iştirak üçün Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetindən, eləcə də Gəncə şəhəri üzrə orta ümumtəhsil məktəblərindən 30-a yaxın müraciət qeydə alınıb.
Gəncə Dövlət Universitetində Kimya və Biologiya ixtisası üzrə (tədrisi ingilis dilində) 2026/2027-ci tədris ilində tədris yükünü saathesabı qaydada icra edəcək professor-müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqları Müsabiqə Komissiyasının üzvləri –Praktik xarici dillər kafedrasının baş müəllimi İlhamə Rüstəmova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimləri Gülər Sadıqova, Türkan Ağayeva və Türkan Cəlilova tərəfindən yoxlanılıb.
İclasda namizədlərin ingilis dilində akademik ünsiyyət, təqdimat və izah etmə bacarıqları, həmçinin tədris prosesini ingilis dilində effektiv təşkil etmək qabiliyyətləri müzakirə olunub. Komissiya üzvləri tərəfindən namizədlərin bilik və bacarıqları müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.
Müzakirələrin yekununda namizədlərin nəticələri nəzərdən keçirilib, müəyyən olunmuş tələblərə cavab verən 23 nəfər müəllimin Kimya və Biologiya ixtisası üzrə (tədris ingilis dilində) saat hesabı qaydada tədris fəaliyyətinə cəlb edilməsi üçün təkrar dərslərinin dinlənilməsi barədə müvafiq qərar qəbul edilib.













