“KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.
Daha sonra Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, kafedranın baş müəllimi Üzeyir Balakişiyev çıxış ediblər. Bildirilib ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.
Daha sonra GDU Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşovun və Qiyabi şöbənin tələbəsi Eldəniz Məmmədovun mövzu ətrafında çıxışları dinlənilib.