LAÇININ İŞĞALINDAN 28 İL ÖTÜR

Bu gün strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür.

1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 1 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. 72 min hektarlıq yaylaq sahəsi olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib, Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında işğala əsaslanan öz rejimini möhkəmləndirməyə çalışır, Azərbaycanın işğal olunmuş ərazilərində siyasətini yürüdür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir. Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur.

Laçın rayonunun 74 min nəfərdən çox sakini isə 28 ildir ki, respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məcburi köçkün həyatı yaşayırlar.

Ötən dövr ərzində 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq Taxtakörpü ərazisində bütün infrastruktura malik qəsəbələr inşa edilib.

Hazırda Laçın rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın Seçki Dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, təhsil şöbəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq Mərkəzləri, “Kapital bank” ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana və tibb məntəqələri, ümumtəhsil məktəbləri, uşaq bağçaları tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb, dahi rəhbərin büstü qoyulub, Şəhidlər abidə kompleksi inşa edilib.

Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki Elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzlüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb. Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Bu günü səbirsizliklə gözləyən laçınlı məcburi köçkünlər Laçın niskili, doğma yurd həsrəti yaşayırlar. 28 illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar əmindirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xalqımızın maraqları çərçivəsində həll olunacaq, işğal altındakı ərazilərimiz düşmən tapdağından azad ediləcək.