Macarıstan nümayəndə heyəti Gəncə Dövlət Universitetində olmuşdur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gəncəyə səfər edən Macarıstanın bir qrup nümayəndə heyəti Gəncə Dövlət Universitetində olmuşdur.

Nümayəndə heyətinin üzvləri əvvəlcə bu yaxınlarda əsaslı təmirdən sonra istifadəyə verilən tələbə yataqxanasında yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Sonra universitetin innovasiyalar departamentində Macarıstanın ali təhsil müəssisələri nümayəndələri ilə dəyirmi masa ətarfında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlamış və qocaman təhsil ocağı haqqında ətraflı məlumat vermidir. Rektor diqqətə çatdırmışdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Macarıstanla bütün sahələr üzrə əlaqələr yaradılmış, o cümlədən elmi əməkdaşlıq daha da genişləndirilmişdir. İkinci Qarabağ müharibəsindən bəhs edən rektor demişdir ki,  30 ilə yaxın işğal altında olan torpaqlarımız cəmi 44 günə azad edilmiş, təcavüzkar erməni ordusuna ağır zərbələr vurularaq torpaqlarımızın bütövlüyü təmin edilmişdir. Hazırda erməni qəsbkarlarının dağıtdıqları həmin ərazilərin bərpası ilə bağlı böyük işlərə başlanımışdır.

Rektor Yusif Yusibov universitet haqqında, onun fəaliyyət istiqamətləri haqqında məlumt verərkən demişdir ki, hazırda Gəncə Dəvlət Universiteti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən elm ocaqları ilə əməkdaşlıq əlaqələri qurmuşdur və bu əlaqələr uğurla davam etdirilir.

Sonra nümayəndə heyətinin rəhbəri, Macarıstanın Azərbaycandakı səfirliyinin ikinci katibi Mihay Qruber çıxış edərək səmimi və qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlığını bildirmiş və Gəncəyə səfər edən nümayəndə heyətinin üzvlərini təqdim etmişdir. Sonra Macarıstanda fəaliyyət göstərən müxtəlif ali məktəbləri təmsil edən nümayəndə heyətinin üzvləri çıxış edərək təmsil etdikləri universitetlər haqqında məlumat vermiş və Gəncə Dövlət Universiteti ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışmışlar.

Görüşün sonunda həm Macarısatan, həm də Gəncə Dövlət Universiteti adından  xatirə hədiyyələri təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti