Gəncə Dövlət Universitetində yüksək balla qəbul olunan tələbələrlə görüş keçirilmişdir

Gəncə Dövlət Universitetinə keçən il və 2021-2022-ci tədris ilində yüksək balla qəbul olunan tələbələrlə görüş keçirilmişdir.

          Görüşü giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara gələcək tədris illərində də uğurlar qazanmağı arzulamışdır. Diqqətə çatdırmışdır ki, dünyada hökm sürən pandemiya səbəbindən ötən tədris ilində yüksək balla universitetə daxil olan tələbələrlə görüş keçirmək mümkün olmadığından bu görüşün ümumiləşdirib bu il keçirilməsi qərara alındı.

          Rektor sonra universitetdə görülən işlərdən, eləcə də burada tədrisin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışdı. Diqqətə çatdırdı ki, ölkəmizdə öz ənənəsi olan və yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında nümunə göstərilən Gəncə Dövlət Universiteti məzunlarının səsi indi müxtəlif xarici ölkələrdən gəlir. Onlar vaxtilə təhsil aldıqları bu ali təhsil ocağının şərəfini layiqincə doğruldur, çalışdıqları sahələrdə nümunə olmağa çalıırlar.

          80 il şərəfli yol keçən bu universitetdə indi tədrisin səviyyəsini yüksəltmək üçün zəngin maddi-texniki baza var. Ən çox diqqət isə müasir dövrə uyğun innovativ texnologiyalara üstünlük verilir. 750 yerlik tələbə yataqxanası əsaslı təmirdən sonra tələbələrin ixtiyarına verilib. Bir sözlə bu gün Gəncə Dövlət Universitetinə daxil olan hər bir gəncin yüksək ixtisaslı kadr kimi yetişməsində bütün şərait yaradılmışdır.

          Görüşdə diqqətə çatdırıldı ki, istər keçən il, istərsə də bu il yüksək balla universitetə qəbul olunan tələbələr arasında şəhid övladları da var. Xüsusilə Vətən Müharibəsində şəhid olmuş igid oğullarımızın övladları bu gün hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar.

          Görüşdə yüksək balla universitetə daxil olan tələbələrə xatirə hədiyyələri təqdim edildikdən sonra qızı 617 balla universitetə daxil olan Səma Verdiyevanın atası Əli Verdiyev çıxış edərək gənclərə yaradılan şəraitə görə ölkə başçısına və universitet rəhbərliyinə minnətdarlıq etmişdir.

                  Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti