Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandığı imtahan prosesini izləyiblər

Gəncə Dövlət Universitetində (GDU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün KİV-lərin nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin biliyinin eyni vaxtda yoxlandığı yazılı imtahan prosesini izləyiblər.

Rektorun müşaviri Asif Cavadov, tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov, humanitar işlər üzrə prorektor Gülsüm Fətəliyeva və fakültə dekanları KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Bildirilib ki, ümumilikdə altı min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, şifahi formada, test üsulu və qabiliyyət üzrə olmaqla fevralın 1-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlananadək materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədilə tələbə təşkilatlarının Valideyn Assosiasiyasının üzvlərinin  imtahanın keçirilməsində iştirakı təmin edilib.

Vurğulanıb ki, GDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah fəaliyyətə başlayıb.

Eyni zamanda, universitetin gdu.edu.az saytında yerləşdirilmiş telefon nömrələri, rəsmi “facebook” ünvanı olan “Gəncə Dövlət Universiteti”, mail@gdu.edu.az ünvanlı elektron poçtu və “Qaynar xətt” elan edilib.