Media və ictimaiyyət nümayəndələri Gəncə Dövlət Universitetində imtahan prosesini izləyiblər

Gəncə Dövlət Universitetində 2017–2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanın təşkili prosesini müşahidə etmək üçün “açıq qapı” günü təşkil olunub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən keçirilən “açıq qapı” günündə kütləvi informasiya vasitələri, təhsil üzrə ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, “açıq qapı” gününün təşkilində əsas məqsəd auditoriyalarda imtahanların gedişini izləmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunmasını müşahidə etməkdir.

Əvvəlcə “açıq qapı” gününün iştirakçılarına universitetdə imtahan prosesinin mövcud qaydalara və normativ sənədlərə uyğunluğu, eləcə də zəruri hazırlıq tədbirləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt” yaradılıb.

Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt”in iş prinsipi ilə tanış olublar. Vurğulanıb ki, qərargahın yaradılmasında məqsəd imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir.

Hər birində iki nəzarətçi və 25 tələbə olan səkkiz otaqda imtahan keçirilib. 24 ixtisas üzrə 2-ci, 3-cü və 4-cü kursda oxuyan 1600-ə yaxın tələbənin 39 fənn üzrə biliyi qiymətləndirilib. İmtahanda 50 suala cavab yazmaq üçün tələbələrə 1 saat vaxt verilib.

Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.