MÜƏLLİM GÜNÜ QEYD OLUNDU

5 oktyabr 2016-cı il tarixdə  “Müəllim günü” münasibətilə Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında geniş tədbir keçirildi. Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə rektor professor Yusif  Yusibov çıxış edərək ilk öncə bu bayram  münasibətilə bütün müəllim və professor heyətini  təbrik etdi. Rektor  müəllim adının nə qədər şərəfli və eyni zamanda hədsiz məsuliyyətli olduğunu diqqətə çatdırıb bildirdi ki, Ulu öndər sağlığında “Mən müəllim  peşəsindən şərəfli peşə tanımıram.Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimiz təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir, məktəbdə tərbiyə verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm”-demişdir.

Ümummilli lider Heydər Əliyevin ümumbəşəri ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də müəllim adına, müəllim peşəsinə, onun əməyinə xüsusi qiymət vemişdir: ”Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllim hər bir cəmiyyətin elitasıdır”.

Elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən ölkə Prezidenti cənab İlham Əliyev yeni və müasir tələblərə cavab verən məktəblərin tikintisinə, təhsil müəssisələrinin maddi-teniki bazasının möhkəmləndirilməsinə, müasir texnoloji avadanlıqlarla təmin ediməsinə xüsusi diqqət yetirir. Bu sahədə mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri də əvəzsizdir.

Ölkə başçısının təhsil sahəsində göstəriş və sərəncamları bizim universitetin də inkişafınada öz bəhrəsini vermişdir. Gördüyünüz kimi az bir müddət ərzində II və III tədris binalarında cari, IY tədris binasnda əsaslı təmir işləri başa çatdırılmış, ən müasir tələblərə cavab verəcək Y tədris binasında son tamamlama işləri aparılır. Laboratoriyaların təchizatına diqqət yetirilmiş, yeni kimya laboratoriyaları yaradılmışdır. Tələbələrin sağlamlıqlarını qorumaları, asudə vaxtlarını səmərəli keçirmələri, idman dərslərinin yüksək səviyyəyə çatdırılması  üçün lazımi şərait yaradılmışdır.

Universitetimiz sürətlə inkişaf etməkdədir.Görəcəyimiz işlər isə çoxdur. Dövlətimizin təhsilə göstərdiyi bu qayğı nəticəsində biz daha uğurlu nəticələr əldə edəcəyik.

Rektor bütün müəllim heyətinə bu şərəfli və çətin işdə  müvəffəqiyyətlər arzuladı, gələcək fəaliyyətlərində onlara uğurlar dilədi.

Rəsmi hissənin sonunda prorektorların və Azad Həmkarlar İttifaqı Komitəsinin  sədrinin də  iştirakı ilə bir qrup müəllimə fəxri fərman təqdim edildi, təşəkkürlər elan olundu, Həmkarlar İttifaqının pul mükafatları layiqli sahiblərinə çatdırıldı.

“Musiqi fənləri” kafedrasının rəhbərliyi ilə özfəaliyyət kollektivinin nümayiş etdirdiyi geniş repertuarlı konsert müəllimlərə xüsusi hədiyyə oldu.