“Müasir Cəmiyyətdə İnsan Hüquqları” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində “Müasir cəmiyyətdə insan hüquqları” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  çıxışında insan hüquq və azadlıqlarının təmin olunmasının, bu sahədə maarifləndirmə işinin aparılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Prorektor qeyd edib ki, müasir cəmiyyətdə insan hüquqlarının qorunması demokratik dövlət quruculuğunun, hüquqi dövlət prinsiplərinin və vətəndaş cəmiyyətinin inkişafının əsas göstəricilərindən biri hesab olunur. Son illərdə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etməklə yanaşı, insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət və vətəndaş məmnunluğu prinsiplərinin dövlət siyasətində önəmli yer tutduğunu nümayiş etdirir.

Tədbirdə Rus dili kafedrasının müdiri Kəmalə Əhmədova “Qadın hüquqları və bərabər imkanlar”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında”, Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova “Azərbaycanda uşaq hüquqları və onların müasir dövrün tələblərinə uygun qorunması”, Praktik xarici dillər kafedrasının müəllimi Elzanə Musayeva “Rəqəmsal əsr və suni intelektin inkişaf etdiyi dövrdə insan hüquqları”, Filologiya və Xarici dillər fakültəsinin Tədris işləri üzrə dekan müavini Məleykə Aslanova “Tələbə hüquqları və hüquqi maarifləndirmənin rolu” adlı məruzələrlə çıxış ediblər.