MULTİKULTURALİZM İLƏ BAĞLI ELMİ-PRAKTİK KONFRANS
31 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının akt zalında Universitetin YAP Gənclər Birliyinin təşəbbüsü ilə Slavyan Universiteti ilə birgə “Müasir mərhələdə Azərbaycanda multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Rektor professor Yusif Yusifov elmi-praktik konfransı giriş sözü ilə açaraq bildirdi ki, belə tədbirlərin, konfransların təşkili yüksək dəyərlərin qorunmasında, yaşadılmasında, eləcə də ölkəmizlə bağlı həqiqətlərin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycan “Multikulturalizm ili” elan edilmişdir. Həqiqətən Azərbaycanda tarixən multikultural dəyərlərə hörmətlə yanaşılıb: ölkəmizdə hər zaman dini, irqi, etnik dözümlülük olub. Bu fakt ölkə Konstitusiyasında da öz əksini tapmışdır.
Multikulturalizm ilindən istifadə edərək onun təbliği istiqamətində mühüm addımların atılması gərəkdir. Real olaraq Azərbaycan tolerantlıq modelinin dünya üçün bir nümunəsidir.
Rektorun giriş sözündən sonra Azərbaycanda multikultural dəyərlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Koitəsinin hazırladığı video çarx nümayiş etdirilmişdir.
Sosial fənnlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədovun“Azərbaycan multikultural siyasətində dil məsələsi”, Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizmi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hacı Rauf Məmmədoğlunun “Multikulturalizmdə Azərbaycan məfkurəsi” adlı məruzələri və bu mövzu ətrafındakı çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılandı.