“MÜSTƏQİLLİK GÜNÜ” QEYD EDİLDİ

         18 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında “Müstəqillik günü” münasibətilə tədbir keçirilmişdir.Tədbiri Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra  universitetin Humanitar məsələlər üzrə prorektoru dosent   Gülsüm Fətəliyeva açaraq qeyd etdi ki, 18 oktyabr Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 1993-cü ildə ölkəmizdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini  əbədi və dönməz etdi, özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün təhlükələrdən qorudu. Ulu öndər İik növbədə ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı, yenicə  müstəqillik qazanmış  Azərbaycan Respublikasını  yeni inkişaf xəttinə yönəltdi. Əlbəttə  müstəqilliyi qorumaq onu yaratmaqdan qat-qat çətin idi.  Ulu öndər bu tarixi vəzifənin öhdəsindən uğurla gəldi,  Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən eşidildi. 1994-cü ilin  20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi olduğunu təsdiq etdi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Ümumiyyəıtlə, müstəqillik Azərbaycanın suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin təkzibedilməz  faktıdır.

         Ümumi tarix kafedrasının professoru Həsənbala Sadıqov “Heydər Əliyev dövlət müstəqilliyinin təminatçısı və baş memarıdır.”,  həmin kafedranın dosenti Hüseyn Bəxtiyarov “Müstəqillik Ulu Öndər Heydər Əliyevin şah əsəridir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Müstəqillik azadlığın sinonimidir, lakin azadlıqdan daha üstündür”, Ümumi tarix kafedrasının baş müəllimi Xatirə İlyasova “Müstəqillik Azərbaycanın tarixi nailiyyətidir” mövzularında, Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanova, Tarix və coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov  çıxış edərək xalqımızın müstəqillik yolunda mübarizəsi və  qazanması, müstəqillikdən sonra Azərbaycanın bütün sahələrdə inkişafı, beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanması və müstəqillikdən başlamış hər bir taleyüklü məsələdə  Ulu öndərin tarixi rolu və s. məsələləri bir daha nəzərə çatdırdılar.