“Nə üçün Whatsapp proqramı?” sualına cavab

Hörmətli tələbələr!
Universitet rəhbərliyi tərəfindən hazırlanmış Yay imtahan sesiyasının təşkili mexanizmi dünən elan olunmuşdur. Bu elanda imtahanların keçirilməsi üçün Whatsapp proqramından istifadə ediləcəyi qeyd olunmuşdur. Çoxlarında belə bir sual meydana çıxa bilər ki, “Nə üçün Whatsapp proqramı?”. Bildiyiniz kimi müasir dövrdə online imtahanın təşkili üçün bir çox mükəmməl və yüksək texnologiyalar əsasında hazırlanmış sistemlər mövcuddur. Belə bir sistemin biri də universitetimiz tərəfindən istifadə olunur.
Bildiyiniz kimi 2010-cu ildən etibarən universitetimizdə e-imtahan sistemi mövcuddur. Bütün tələbələrin bu sistem haqqında ümumi və asan istifadə qaydaları haqqında məlumatı vardır. Həmin sistem universitetin daxili şəbəkəsi ilə işləyir. Bu sistem eyni zamanda internet mühitində də istifadə edilə bilər. Yəni siz əvvəlki illərdə test imtahanı verən zaman universitetdə ayrılmış xüsusi otaqlarda olurduz. Sistemdə belə bir imkan da var ki, siz universitetə gəlmədən öz evinizdə bu sistemə daxil ola və imtahan verə bilərsiz. Amma biz bu sistemdən istifadə etməyi uyğun hesab etmədik. Çünki bu zaman bir çox məsələlər meydana çıxır və tələbələrin bir çox asılılıqları yaranır. Belə ki, tələbələr imtahan vermək üçün normal surətli internetə ehtiyac duyur, imtahan müddətində (1 saat) kəsilməz internet olmalıdır, imtahan zamanı işıqlar sönə və hər hansı bir texniki problem yarana bilər, imtahan verəcəyiniz vasitələrdə hər hansı bir problem yarana bilər və s.

Bütün bu kimi asılıqların aradan qaldırılması üçün universitet rəhbərliyi bu sistemdən istifadəni məsləhət bilmədi. Bütün tələbələrin imtahan zamanı heç bir asılılığının olmaması və heç bir çətinlik çəkmədən
imtahan verə bilməsi üçün Whatsapp proqramından istifadəyə qərar verilmişdir. Bu proqramdan istifadə zamanı tələbələr yuxarıda sadalanan problemlərlə qarşılaşmayacaqlar. Proqramın istifadəsi asan və əlçatandır. Demək olar ki, bütün tələbələr bu proqramdan gündəlik istifadə edir. Etməyənlərin belə ailə üzvləri arasında istifadə edənlər mövcuddur. Bu proqramdan imtahan üçün istifadə edən zaman 1 saat müddətində kəsilməz internetə ehtiyac yoxdur, işıqların sönməsi kimi problem yoxdur, hər hansı bir texniki problemin yaranma ehtimalı demək olar ki, yoxdur. Belə ki, imtahanlar cədvələ uyğun olaraq təşkil olunacaq. İmtahan başlamazdan əvvəl sizə hazırlanmış imtahan sualları (50 sualdan ibarət)
Whatsapp proqramı vasitəsilə göndəriləcəkdir. Siz bu proqramdan istifadə etməklə həmin sualı yükləyəcəksiz. Bu zaman sizə max 1 dəq vaxt və bu vaxt ərzində internet lazım olacaq, imtahan suallarına cavab axtaran zaman internetin olması vacib deyil. Bir də imtahan bitdikdən sonra cavabların geri göndərilməsi üçün 1 dəq vaxt və bu vaxt ərzində internet lazım olacaq. Göründüyü kimi bu formada imtahan verən zaman tələbələrin digər vasitələrdən asılılığı minimuma endirilib, demək olar ki, yox səviyyəsindədir. Nəzərə alsaq ki, telefon operatorlarının çoxu Whatsapp proqramından istifadə üçün ödənişsiz internet paketi verir, bu olmasa belə bir imtahan üçün max 2 dəq internet istifadə etməli olacaqsız. Deməli imtahan vermək üçün böyük xərc də tələb edilmir. Bütün bu kimi məsələr universitet rəhbərliyinin mövcud e-imtahan sistemi əvəzinə bu proqramı seçməsinə gətirib çıxarmışdır.

Ümid edirik ki, “Nə üçün Whatsapp proqramı?” sualına cavab tapa bildiniz. Qarşıdan gələn imtahanlarda hər birinizə uğurlar arzu edirik!
R E K T O R L U Q