NARKOMANİYA, AĞ ÖLÜM

Gəncə Dövlət Universitetində “Narkomaniya, ağ ölüm” devizi ilə online şəkildə maarifləndirici tədbir keçirilib.

Tədbirdə  çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva universitetdə  narkomaniya əleyhinə keçirilən tədbirlər, narkomaniyanın fəsadları, ondan qorunmağın yolları, bu dəhşətli bəla ilə mübarizə istiqamətində birgə əməkdaşlığın vacibliyi barədə məlumat verib.

Bildirib ki, narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan keçməyib.

Prorektor Gülsüm Fətəliyeva onu da qeyd edib ki, narkomaniya Azərbaycan tələbələri üçün də böyük təhlükədir. Bunun üçün isə tələbələr arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması hər zaman nəzərdə tutulmalıdır. Narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməli, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları haqqında, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə məlumatlar verilməlidir.

Universitetin fakültələrində təşkil edilmiş tədbirdə çıxış edənlər bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər. Narkotikin insana  mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıblar.

Tədbirdə tələbələrə dövlət üçün layiqli vətəndaş olmaları, daim xalqın inkişafı üçün yüksək amallar naminə fəaliyyət göstərmələri tövsiyə olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti