Gəncə Dövlət Universiteti “Ombudsman Ofisinin fəaliyyəti necə qurulmalı” adlı vebinarda təmsil olunmuşdu

Avropa Ombudsmanları Ali Təhsil Şəbəkəsi  (ENOHE) (www.enohe.com) tərəfindən təşkil olunan “Ombudsman Ofisinin fəaliyyəti necə qurulmalı” adlı vebinarda 27 ölkə və 115 iştirakçı dəvət olunmuşdur. Bu mötəbər tədbirdə Gəncə Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov  təmsil etmişdir.

Ali Təhsil Şəbəkəsi (ENOHE) (www.enohe.com) təşkilatı Avropa Şurası ölkələrinin 49 ali təhsil nazirləri və onların nümayəndələri tərəfindən “Bolonya Nazirlər Konfransı” (Romada) virtual konfransı zamanı təsdiqlənən 19 Noyabr 2020-ci il tarixli “Rome Communique” bəyannaməsinə əsasən tələbə hüquqlarının qanunvericiliklə qorunması, tələbə ombudsmanları və ya bir çox ölkədə mövcud olan bənzər mərkəzlərin yararına xüsusi tədbirlər görülməsi, inkişaf etdirilməsi və dəstəkləmək barədə öhdəliyi rəhbər tutaraq bu tədbiri təşkil etmişdir. Vebinarda iştirak edən natiqlər öz sahələri üzrə tanınmış mütəxəssislər idilər: Tamta Demetrazde (Gürcüstan), Helga Nolte (Almaniya), Brent Epperson (Lüksemburq / Kanada) və Tom Kosakowski (ABŞ).

İştirakçıların da fəallıq göstərdiyi vebinarda Avropa təhsil məkanında tələbə ombudsmanının fəaliyyəti, çətinlikləri və qarşıda duran öhdəlikləri barədə müzakirələr aparılmışdır. Bununla yanaşı tələbələrin Ombudsmana müraciət mexanizmləri, təkliflər və bu sahə yeni çağırışların tətbiqi üzrə məsələlər debat şəklində müzakirə olunmuşdur.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsində tərəfdaş qismində iştirak etmişdir. Layihənin yekununda 10 aprel 2019-cu il tarixdə universitetdə Tələbə Ombudsmanı təyin  olunmuş və “Tələbə Ombudsman” Ofisi yaradılmışdır. (https://gdu.edu.az/ombudsman).

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti