Ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib

Gəncə Dövlət Universitetində 2 Fevral – Gənclər Günü qeyd olunub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə çıxış edən rektor, professor Yusif Yusibov 2 Fevral – Gənclər Gününün respublikamızda təntənə ilə qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət-gənclər siyasətinin əsasının qoyulduğunu vurğulayıb.

Qeyd olunub ki, Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss ediblər. Vaxtilə əsası qoyulmuş həmin siyasətin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib.

Bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.

“Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır”, – deyə Y.Yusibov qeyd edib.

Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova universitetdə tələbələrə göstərilən diqqət və qayğıdan, həmçinin onların həm təhsildə, həm də idman sahəsindəki nailiyyətlərindən danışıb.

Sonda universitetin və Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına görə bir qrup gənc fəxri fərmanla təltif olunub.