ORTA MƏKTƏBLƏ BİRGƏ ELMİ-PRAKTİK KONFRANS
Gəncə Dövlət Universitetinin Təhsilin Pedaqogikası və metodikası kafedrasının təşəbbüsü ilə Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəb ilə bağlanmış əməkdaşlıq müqaviləsinin fəliyyət planına uyğun olaraq həmin məktəbdə “Təlimin keyfiyyətli təşkilində dərketmə üsullarının tədbiqi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Ciddi maraq yaratmış elmi-praktik konfransda Təhsilin Pedaqogikası və metodikası kafedrasının müdiri dosent Allahverdi Quliyev “Təlimin keyfiyyətinin yüksəldilməsində dərketmə üsullarından istifadənin əhəmiyyəti”, kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Günay Kazımova “Təlim keyfiyyətinin yüksəldilməsində Təhsil islahatlarının əsas xüsusiyyətləri” , Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayev “Təhsildə müasir təlim texnologiyalarından istifadənin elmi əsasları”, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov “Təcrübəçi tələbələrlə fənn müəllimlərinin birgə işinin təşkili məsələləri” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrin əsas məzmunu və tezisləri Hovard Qardner nəzəriyyəsindəki “Biz şagirdlərimizin müxtəlif üsullarla dərk etməsini inkişaf etdirməklə təhsilin keyfiyyətini yüksəldə bilərik” fikrinə əsaslanmış, təlim texnologiyalarından səmərəli istifadənin əhəmiyyəti qeyd edilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.