Prezident İlham Əliyev Rusiyanın TASS agentliyində aparıcı kütləvi informasıya vasitələrinin rəhbərləri ilə görüşdə bir çox məqamlara aydınlıq gətirdi
Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb.Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq müəyyən mənada artıq başlanıb. Artıq neçə ildir ki, dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə – müşahidəçilərdir. Azərbaycan bir neçə il bundan əvvəl öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət edib.
Məlum olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu fakt Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.
Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusundadır. Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olmalıdır. Rus sektoruna məktəblərdə tələbat çoxdur. 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.
Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.
Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq – bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib.
İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.
Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz. Sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır.
Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq.
Hər il təxminən 5-6 min ailə, təqribən 30 min insan yerləşdirilib. Onlardan təqribən 70 faizi normal yaşayır. Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikilib. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır.
Məlum olduğu kimi İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və qaytarılıb. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar hərbi cinayətlərin sübutları olacaq.
Qeyd edək ki, Azərbaycanın ən böyük qaz istehlakçısı Türkiyədir. Türkiyədən sonra İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin adları çəkilə bilər. Keçən il cəmi 19 milyard kubmetr qaz ixrac olunub, bu il daha çox olacaq. Lakin Azərbaycan üçün ən cəlbedici tərəfdaş Türkiyədir.
Azərbaycanda COVİD-19-a qarşı mübarizə də uğurla aparılır. Azərbaycanda vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı. Ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də alındı. Bununla da vaksinləri seçmək imkanı yarandı. Vaksinasiyanın könüllü olacağı qərara alındı. Bu günə qədər yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur.
İnkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Üstəlik, inkişaf etmiş bəzi ölkələr, xüsusən ilk dövrdə, bu vaksinlərin çatışmadığı, onları əldə etməyin çox çətin olduğu dövrdə onları külli miqdarda alıblar və almaqda davam edirlər. İnkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün Azərbaycan başçılıq etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmişdir. Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyası da təşkil olunmuşdur. Azərbaycan təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün Azərbaycan 10 milyon dollar könüllü ianə ayırıb və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti