QALİBLƏR MÜKAFATLANDIRILIB

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə şəhər və ətraf rayon məktəbliləri arasında keçirilən fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə həmçinin universitetin ictimai həyatında yaxından iştirak edən, eyni zamanda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə öz xüsusi bacarıqları ilə seçilən müəllim və tələbələr də mükafatlandırılıb.

Tədbirdə universitetinin professor-müəllim heyəti, məktəb müəllimləri, tələbələr, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva  bildirib ki, hazırda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, eləcə də onların intellektual və fiziki inkişafının təmin olunması üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimaiyi Birliyinin  birgə təşkilatçılığı ilə keçirilən “Respublika Gənclər Debat Formu: payız 2018”-zin final oyununda mübarizə aparan universitet Debat klubunun  üzvü olan tələbələr oyunun qalibləri olublar.

Universitetin rektoru professor Yusif Yusibovun müvafiq əmri ilə yarışmada qalib gələn tələbələr və qərb rayonlarının məktəbliləri “Fəxri Fərman”la təltif edilib, hədiyyələrlə mükafatlandırılıb.

Sonda mükafatlandırılan müəllim, tələbə və şagirdlər göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.