Qiyabi şöbənin tələbələri arasında intellektual yarış keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Gəncə Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti və Qiyabi şöbənin birgə təşkilatçılığı ilə intellektual yarış keçirilib.
Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Qiyabi şöbənin müdiri Elsevər Nağıyev, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Lalə Ələkbərova, TEC idarə heyəti və Qiyabi şöbənin müəllim-tələbə heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki, intellektual yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında bilik mübadiləsini gücləndirmək, komanda ruhunu inkişaf etdirmək, həmçinin şəhərsalma və memarlıq sahəsinə marağın artırılmasıdır.
Qiyabi şöbənin müdiri Elsevər Nağıyev çıxışında bildirib ki, müasir dövrdə uğurun əsas şərtlərindən biri bilik və davamlı özünüinkişafdır. Bu cür yarışlar tələbələrin əldə etdikləri nəzəri bilikləri praktik şəkildə nümayiş etdirmələrinə, məntiqi təfəkkürlərini gücləndirmələrinə və sağlam rəqabət mühitində öz bacarıqlarını sınamalarına imkan yaradır.
İntellektual yarış üç mərhələdə — “Dünyagörüşü”, “Şəhərsalma və Memarlıq” və “Tarix və Mədəni İrs” üzrə keçirilib. Ümumilikdə 30 sualdan ibarət yarışda komandalar sürət, məntiq və biliklərini nümayiş etdiriblər. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.
Rəqabətli keçən yarışın sonunda “Elm Yolçuları” komandası I yerə layiq görülüb. II yeri “Zəfər Nəbzi”, III yeri isə “Zəfər Zirvəsi” komandası qazanıb.
Qaliblər pul mükafatı və fəxri fərmanlarla təltif olunublar, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti












