Rektor universitetin əməkdaşlarını təltif edib

Gəncə Dövlət Universitetində Bahar bayramı böyük həvəslə qarşılanır. Ali təhsil müəssisəsinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində ikiqat sevinc yaşayıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, rektor, professor Yusif  Yusibovun müvafiq əmri ilə 60 nəfər əməkdaş əməkdə fərqləndiyinə görə “Fəxri Fərman” və “Təşəkkür”lə təltif edilib.

Professor Yusif Yusibov tədbirdə bildirib ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bahar bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Universitetin bütün əməkdaşlarına bayram təbriklərini çatdıran rektor hər kəsə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli elmi və əmək fəaliyyətində yeni uğurlar arzulayıb.