Rektor Yusif Yusibov Sumqayıt Dövlət Universitetinin təntənəli yubiley tədbirində iştirak edib

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Sumqayıt Dövlət Universitetinin fəaliyyətə başlamasının 55 illiyi münasibətilə həmin ali təhsil ocağında keçirilən təntənəli yubiley tədbirində iştirak edib.

Əvvəlcə yubiley tədbirinin iştirakçıları Bakıya gələrək, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər düzüb, xatirəsini anıblar. Daha sonra görkəmli akademik Zərifə Əliyevanın və ictimai siyasi xadim Əziz Əliyevin xatirəsi yad olunub.

Universitetin akt zalında davam edən bayram tədbirinin iştirakçıları öncə tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.

Təhsil Nazirliyinin, ali təhsil müəssisələri rektorlarının, deputatların, universitetlə əməkdaşlıq edən xarici ali təhsil ocaqlarının nümayəndə heyətlərinin də iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Yubiley tədbirində çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov universitet haqqında məlumat verərək bildirib ki, hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə, 29 kafedra, 6 elmi-tədqiqat laboratoriya, Tədris Metodiki Mərkəz, doktorantura və magistratura şöbəsi, elmi hissə, əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrində 41 ixtisas üzrə bakalavr səviyyəsində 5432 tələbə, magistratura səviyyəsində 257 magistrant təhsil alır. Diqqətə çatdırılıb ki, son illər universitetin beynəlxalq əlaqələrinin qurulması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, universitet Xəzəryanı Dövlət Universitetləri və Rusiya-Azərbaycan Universitetləri assosiasiyalarının üzvüdür. Köln Texniki (Almaniya), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki, Samara Dövlət Texniki universitetləri (hər ikisi Rusiya) və digər ali təhsil ocaqları ilə ikitərəfli müqavilələr bağlanılıb.

Vurğulanıb ki, müstəqillik qazandıqdan sonra respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisələri kimi, Sumqayıt Dövlət Universiteti də milli düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə etməklə, yüksək təhsilli peşəkar kadrların hazırlanması kimi strateji məqsədi əsas götürüb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov universitetin professor və müəllim heyətini təbrik edərək bildirib ki, Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 55 illik zəngin ənənələrindən bəhrələnməklə önəmli addımlar atır. Qeyd edilib ki, Sumqayıtda yeganə ali məktəb olan bu təhsil ocağının 55 yaşı və onun universitet kimi fəaliyyət göstərməsinin 17 ili tamam olur.

Yubiley münasibətilə ali təhsil ocağının kollektivini təbrik edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib ki, Sumqayıtın yeganə ali təhsil məktəbi öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran təhsil ocağıdır. SDU-nun beynəlxalq əlaqələri, fəaliyyətində dünyanın qabaqcıl təcrübəsini tətbiq etməsi onun işıqlı gələcəyindən xəbər verir.

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizin ali təhsil ocaqları arasındakı səmərəli qarşılıqlı əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib, SDU-nun kollektivini yubiley münasibətilə təbrik edib.

Sonra universitetin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 2017-ci il 2 noyabr tarixli Sərəncamı ilə təltif olunanlara dövlət mükafatları təqdim edilib.

Eyni zamanda, səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və şəhər icra hakimiyyətinin təhsildəki uğurlarına görə fəxri fərmanları verilib.

Bayram tədbiri tələbələrin ifasında Sumqayıt Dövlət Universitetinin marşının oxunması ilə yekunlaşıb.

Gəncə Dövlət Universiteti olaraq biz də Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovu və rəhbərlik etdiyi universitetin professor-müəllim, eləcə də tələbə kollektivini yubiley münasibətilə təbrik edir, onlara Azərbaycan təhsilinin inkişafı naminə uğurlar arzulayırıq.