RSDTİ-YƏ HƏSR EDİLMİŞ TƏDBİR
12 iyul 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin əsas binasının iclas zalında “Regional Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal, sənaye müəssələrində tullantıların minimallaşdırılması” mövzusunda forum keçirilmişdir.
Forumda BMT-nin Sənayenin İnkişafı Təşkilatı RSDTİ Nümayiş Komponentinin Azərbaycandakı nümayəndəsi və forumun milli koordinatoru Rauf Rzayev, RSDTİ üzrə milli məsləhətçi Bəhruz Məmmədov, İqtisadiyyat nazirliyinin Gəncə-Qazax Regional bölməsinin müdiri Arzu Hacıyev, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Musayev, Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Afina Babayeva, GDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak etmişlər. Dosent Gülsüm Fətəliyeva giriş sözündə forum iştirakçılarını salamlayaraq forumun müasir dövrdə əhəmiyyətindən bəhs etmişdir.
İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Musayev, İqtisadiyyat nazirliyinin Gəncə-Qazax Regional bölməsinin müdiri Arzu Hacıyev məsələnin aktuallığını, dünyanın maraq dairəsində olduğunu xüsusilə diqqətə çatdırdılar. Arzu Hacıyev iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı üçün dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici ölkələrlə iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasəti kimi məsələlərindən bəhs edərək onların həyata keçirilməsi üçün bu foruma dəstək olamağı vurğuladı.
Rauf Rzayev və Bəhruz Məmmədov bildirdilər ki, Eap GREEN ( Ətraf mühit və artım üçün tərəfdaşlıq) Proqramı Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin hökümətlərinə yaşıl iqtisadiyyata keçidin başlanılması üçün dəstək göstərir. Eap GREEN OECD-nin(İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) koordinasiyası ilə bir sıra beynəlxalq təşkilatlar – UNECE ( BMT-nin Avropa İqtisadi Komissiyası), UNEP (BMT-nin Ətraf Mühit Proqramı) və UNİDO (BMT-nin Sənayenin İnkişafı Təşkilatı) tərəfindən bu proqram Azərbaycanda RSDTİ tərəfindən həyata keçirilir. Qeyd olundu ki, 2016-cı ilin avqust ayına qədər RSDTİ-nin əsas istiqamətləri-enerji, xammal və materiallardan səmərəli istifadə, emissiyaların, bərk tullantıların və istehsalat tullantılarının azaldılması kimi mövzular daxil olmaqla 6 forumun keçirilməsi nəzərdə tutulub.
Forumun sonunda təqdimatlara dair suallara verilən cavablar, çıxışlar iştirakçıların ciddi marağına səbəb oldu.