“Şəhidlər unudulmur”
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində 27 sentyabr -Anım Günü ilə bağlı olaraq “Şəhidlər unudulmur” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbiri açaraq bildirdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün döyüş əməliyyatları yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü. Şanlı Zəfər qazanıldı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prorektor onu da vurğuladı ki, Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.
Tədbirdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova “Tarixə yazılan gün” adlı məruzəsində qeyd etdi ki, biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.
Tədbirdə Praktik xarici dillər kafedrasının müəllimi Aysel Nuriyeva isə “Qələbəyə aparan xatirə günü” adlı çıxışında bu gün bizim qalib ölkənin vətəndaşları olmağımızdan danışdı. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.
Tədbirin bədii hissəsində isə Alman dili müəllimliyi ixtisasının II kurs tələbəsi Kənan Quliyev “İtkin şəhidin monoloqu”nu, İngilis dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Fidan Bağırova “Hökm edir ərşə bir ulduz”, İngilis dili müəllimliyi ixtisasının II kurs tələbəsi Sevgi Məmmədova “Silahlan” şerlərini səsləndirdilər.
Tədbirin sonunda Xarici dillər fakültəsinin tələbələri birlikdə “Azərbaycan” şerini səsləndirdilər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







