“Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi” adlı təlimə start verilib
Gəncə Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında təlim xidmətinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi” adlı təlimə start verilib. Təlim 29-30 iyun, 1 və 4 iyul 2022-ci il tarixləri arasında davam edəcəkdir.
Təlimi Agentliyin Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov və şöbənin baş məsləhətçisi Şəlalə Mahmudova keçib. Təlimdə Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, kafedra müdirləri və 30 nəfərə yaxın professor-müəllim heyəti iştirak edib.
Təlimin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına, eləcə də inzibati və akademik heyətə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dair dəstək verməkdən ibarətdir.