Sülh bəşəriyyətin məqsədi, həm də bütün insanların haqqıdır
21 sentyabr – Beynəlxalq Sülh günü münasibətilə Gəndə Dövlət Universitetində “Azərbaycanın siyasəti sülhsevər siyasətdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin professor və müəllimləri, ictimai fəal tələbələr əlamətdar günün tarixinden, eləcə də bu istiqamətdə ölkəmizdə görülən mühüm işlərdən danışıblar.
Tədbiri açan universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Beynəlxalq Sülh gününün tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, Beynəlxalq Sülh günü 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. İlk dəfə Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır.
Universitetin dosenti Hüseyn Bəxtiyarov, müəllimlər Eldar Mehdiyev və Həmid Abbasov çıxışlarında sülh mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Qeyd edilib ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalanıb, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısı alınıb, ölkədə sabitliyə nail olunub. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistanın tamamilə bunun əksini göstərməkdə olduğunu qeyd ediblər.
Tələbələr Ayxan Fərəcli və Çinarə Hümbətova məruzələrində sülhün əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf, azadlıq, bərabərlik, ədalət, hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biri olduğunu bildiriblər.
Vurğulanıb ki, bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ 15-ci əsrdə Erazm Rotterdamlı “Sülh şikayəti”, 18-ci əsrdə İmmanuel Kant “Əbədi sülhə doğru”əsərini yazıb. Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir, abidələr ucaldılır.
Sonda tələbələr sülhün bəşəriyyətin məqsədi, missiyası, həm də bütün insanların haqqı olduğunu tərənnüm edən şeirlər və mahnılar səsləndiriblər.